Tramp daha bir beynəlxalq qurumu dağıdır| Ermənistan XİN rəhbərinin Braziliyaya deklarativ səfəri nəyə hesablanmışdı?

2025/03/1743235263.jpg
Oxunub: 817     16:33     29 Mart 2025    
ABŞ Ümumdünya Ticarət Təşkilatına (ÜTT) ayırdığı vəsaitləri dayandırıb, bu da Tramp administrasiyasının ÜTT-ni faktiki olaraq dağıtmağa başladığını göstərir. Tramp bir sıra ölkələrə tətbiq etdiyi tarifləri artıraraq, ÜTT-nin qayda və tənzimləmələrini şübhə altına alıb. Bu, artıq təşkilatın de-fakto dağıdılması deməkdir.

Bu addım ÜTT-nin de-yure dağıdılmasına çevrilə bilər. Tramp, vəzifəyə gəldikdən sonra ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından üzvlüyünü dayandırdı, İqlim Sazişindən çıxdı və NATO-nun strukturunu yenidən nəzərdən keçirir, Avropa və transatlantik münasibətlərdə yeni təhlükəsizlik arxitekturası haqqında müzakirələri təşviq edir.

İndi isə ÜTT də bu sıraya daxil edilir ki, bu da dünya iqtisadi sisteminin əsas strukturunun dağılması deməkdir. Bu, təəccüblü deyil, çünki dünya nizamı dəyişirsə, təkcə hüquqi-siyasi və hərbi-siyasi deyil, həm də iqtisadi-siyasi sistemlər də dağılacaq. Bu, lokal sistemlərin iqtisadi əlaqələr kontekstində daha çox əhəmiyyət qazanması deməkdir.

Dünya iqtisadi sistemindəki bu dəyişikliklər, artıq regional güc mərkəzi kimi formalaşan Azərbaycanın mövqeyini daha da gücləndirə bilər. Beynəlxalq sistemin transformasiyası fonunda Azərbaycan öz çoxvektorlu xarici siyasəti ilə əlaqələrini şaxələndirməkdə davam edir. Azərbaycan həm Qərb, həm Şərq, həm də regional güc mərkəzləri ilə tarazlı münasibətlər quraraq öz iqtisadi təhlükəsizliyini təmin edir.

Eyni zamanda, Ermənistan hələ də dərin iqtisadi böhran içindədir. BRICS-lə zəif əlaqələr qurmağa çalışsa da, bu blokdakı ölkələrin əksəriyyəti Azərbaycanla daha sıx iqtisadi və siyasi münasibətlərə malikdir. Ermənistan XİN rəhbərinin Braziliyaya etdiyi səfər reallıqda ciddi iqtisadi əlaqələrlə nəticələnməmiş, daha çox deklarativ xarakter daşıyır.

Ermənistanın iqtisadi vəziyyəti getdikcə pisləşir və dövlət borcu sürətlə artır. Azərbaycan isə neft-qaz gəlirlərini effektiv idarə edərək, iqtisadiyyatını şaxələndirmiş və strateji regional layihələri uğurla həyata keçirir. Zəngəzur dəhlizi kimi yeni nəqliyyat layihələri Azərbaycanın regional mövqeyini daha da möhkəmləndirəcək.

Yeni dünya düzənində Azərbaycan daha çox imkanlar qazanarkən, Ermənistan inkişafdan geri qalır və kritik dərəcədə xarici dəstəkdən asılı vəziyyətdədir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin